İkitərəfli əlaqələr

20 aprel 2004-cü il tarixində ABŞ-ın Nyu-York şəhərində Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin yaradılmasına dair birgə komunike imzalanmışdır. 

2012

27 mart tarixində iqamətgahı Buenos-Ayres şəhərində olan səfir Məmməd Əhmədzadə etimadnaməsini Paraqvay Respublikasının Prezidenti Fernando Luqoya təqdim etmişdir.

2013

15 avqust tarixində səfir Məmməd Əhmədzadə Paraqvay Respublikasının yeni seçilmiş prezidenti Horacio Cartesin andiçmə mərasimində iştirak etmək üçün Asunsion şəhərinə səfər etmişdir.

Paraqvay Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılmışdır

2014

Paraqvay Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılmışdır

2015

5-6 mart tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov, Muxtar Babayev və Aslan Cəfərovdan ibarət parlament nümayəndə heyəti Paraqvaya səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Paraqvay Milli Konqresinin yuxarı palatasında Senatın sədri vəzifələrini icra edən, sədrin birinci müavini Enrique Bacchetta, xarici əlaqələr və beynəlxalq məsələlər daimi komissiyasının sədri Miguel Saguier, habelə Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvləri, Paraqvay Deputatlar Palatasının sədri Huqo Velazquez və həmin Palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Jose Maria İbanez, Paraqvay xarici işlər nazirinin əvəzləyicisi - nazirin iqtisadi məsələlər üzrə müavini Rigoberto Gauto, Paraqvayın mədən və enerji nazirinin müavini Mauricio Bejarano, Kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Markos Medina, Paraqvayın işgüzar dairələri, o cümlədən SENACSA, ARP, FECOPROD, APROLE, Frutika kimi heyvandarlıq, südçülük, meyvə şirələri və s. üzrə ixtisaslaşmış istehsal assosiasiyaları və şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir.

10 sentyabr tarixində Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə  tanınmış sərhədlərinə dəstəklə bağlı bəyanat qəbul etmişdir.

29 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Paraqvayın xarici işlər naziri Eladio Loizaga ilə görüşmüşdür. Görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2016

19 oktyabr tarixində Paraqvay Parlamentinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Xuan Ramirezin təşəbbüsü ilə “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” adlı bəyanat qəbul edilmişdir. Bəyanatda bəşəriyyət üçün önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğu, əksər əhalinin müsəlman olmasına baxmayaraq ölkədə etiqad azadlığının mövcudluğu, Azərbaycanın islam dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğu vurğulanmışdır. Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyi, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyü də bəyanatda qeyd olunmuşdur. 

Arxiv üzrə axtarış