Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki Səfirlik və konsulluqlarında rəsmiləşdirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi.

Şəhadətnamənin alınması üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

Pasportun etibarlıq müddəti bitdikdə və yaxud səhifələri dolduqda:

  • Doldurulmuş ərizə-anket;
  • Pasportun əsli;
  • 2 ədəd foto şəkil (rəngli, donuq, 3x4 sm ölçülü);
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi;

Pasportun itirildiyi və ya oğurlandığı təqdirdə:

  • Doldurulmuş ərizə-anket;
  • Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti və ya Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
  • 2 ədəd rəngli fotoşəkil (rəngli, donuq, 3x4 sm ölçülü);
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi.

10 ABŞ dolları məbləğində dövlət rüsumu  Argentina ərazisində hər hansı “Banco Santander Rio” filialında Səfirliyin bank hesabına ödənilir

Entidad:      Banco Santander Rio S.A.
Titular:        EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN
CUIT:          30-71150273-0
TIPO:          CUENTA CORRIENTE EN DOLARES
NRO DE CUENTA: 204-003307/1

Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu yuxarıda göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

Sənədlərin poçt vasitəsilə göndərildiyi təqdirdə, bütün poçt xərcləri vətəndaş tərəfindən ödənilir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı onların itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Arxiv üzrə axtarış